21 fevral tarixində “AtaTexnologiya” MMC valideyn himayəsindən məhrum olan uşaqlar arasında rəsm müsabiqəsi keçirib / 22.02.2015

Şirkətdən Trend-ə verilən məlumata görə, müsabiqədə Bakının Şağan qəsəbəsində 3 saylı Uşaq Evinin kimsəsiz uşaqları iştirak etdilər. Gənc iştirakçılar öz bədii bacarıqlarını boya, rəngli karandaşlar və flomasterlərdən istifadə edərək nümayiş etdirdilər. “Mən təbiəti sevirəm” devizi altında keçirilən müsabiqədə, uşaqlar onları əhatə edən təbiəti ilin müxtəlif fəsillərində təsvir etdilər. “AtaTexnologiya” MMC-nin direktoru Mais Yusifov bildirib ki, bu tədbiri keçirməyimizdə məqsəd uşaqların rəssamlıq bacarıqlarını və müşahidə etmək qabiliyyətini üzə çıxarmaqdır. Həmçinin, uşaqların diqqətini ətraf mühitin qorunmasına cəlb etməkdir. Müsabiqənin yekunlarına görə, “AtaHolding” ASC-nin əməkdaşları Fəridə Səmədova və Fərid Malikzadə uşaqlara müxtəlif hədiyyələr, dünya ədəbiyyatından uşaq kitabları təqdim edib. Tədbir musiqi proqramı ilə davam edib və uşaqlar milli musiqimizin sədaları altında şənləniblər. İnformasiya texnologiyaları sahəsində bir çox xidmətləri göstərməyi qarşısına məqsəd qoymuş “AtaTexnologiya” MMC 2005-ci ilin may ayından fəaliyyət göstərir. Şirkətin təklif etdiyi məhsul və xidmətlər banklar, sığorta şirkətləri və digər iri təşkilatlar üçün nəzərdə tutulmuşdur. Bu məqsədlə “AtaTexnologiya” MMC dünyanın iri İKT şirkətləri (HP, Cisco Systems, Oracle, Microsoft və.s.) ilə əməkdaşlıq edir. Həmçinin, “AtaTexnologiya” MMC müəssisələr üçün lazım olan bütün növ İKT avadanlıqlarının satışını və onların tətbiqinə yönələn xidmətlərin göstərilməsini həyata keçirir.